Seçkidəki məğlubiyyət Sarkisyanın sonu olacaq

sarkisyan

Ötən həftə sonu Ermənistanda apelin 2-də baş tutacaq parlament seçkisinin təşviqat kampaniyasının rəsmi şəkildə başlaması Sarkisyan başda olmaqla bir çox siyasi qüvvələrin “dəridən-qabıqdan çıxmasına” təkan verib. Hiss olunur ki, avtoritar rejimin başçısı bu dəfə əvvəlki seçkilərdə olduğundan daha narahat görünür. Ən azından Sarkisyanın başında durduğu hakim Respublika partiyasının yeni formatda baş tutacaq parlament seçkilərinə “Təhlükəsizlik və tərəqqi” şüarı ilə qatılması belə deməyə əsas verir. Məsələnin maraqlı tərəfi budur ki, işğal olunmuş Azərbaycan torpaqlarında hər gün təxribatçı “əməllər” törədən və hər dəfə də məğlubiyyətə düçar olan Sarkisyan rejiminin “başbilənləri” görəsən, hansı təhlükəsizlikdən, hansı tərəqqidən dəm vururlar?

İqtisadi cəhətdən iflic vəziyyətinə düçar olan Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik daha da artır. Artıq əhalinin böyük bir hissəsi Sarkisyan hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Mövcud şəraitdə müxalifət partiyalarının təbliğat-təşviqat kampaniyalarında verdikləri vədlər, etdiyi çağırışlar seçkidə iştirak edəcək seçicilərə daha inandırıcı gəlir. Görünür, Sarkisyanı narahat edən də elə budur. İqtidarda olan Respublika partiyası seçkilərdə məğlub tərəf olarsa, Sarkisyan böyük ölçüdə prezidentlik küsrüsü ilə vidalaşmalı olacaq. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var…

Əvvəla qeyd edək ki, Ermənistanın ötən il qəbul edilmiş yeni konstitusiyasına görə, aprelin 2-də baş tutacaq parlament seçkisindən sonra ölkədə parlament idarəetmə sistemi tətbiq olunacaq və bundan sonra prezidenti ölkə vətəndaşları deyil, deputat mandatına yiyələnmiş şəxslər seçəcək. Həmçinin seçkidən sonra səlahiyyətləri artacaq parlament hökumət kabinetinin formalaşmasına birbaşa təsir edəcək. Məhz bu səbəbdən hakim Respublika  partiyasının seçkilərdə fiaskoya uğrayacağı təqdirdə, Sarkisyanın hakimiyyətdə qalmaq şansı sıfıra bərabərdir.

Sarkisyanla bərabər, müxalifətdə olan partiyaların rəhbərləri də parlamentdə daha çox mandat əldə etmək üçün hər cür vasitələrdən istifadə edirlər. Əvvəlki seçkilərdən fərqli olaraq erməni müxalifətinin əsas partiyaları bu dəfə bloklarda birləşərək Sarkisyanın diktaturasını devirməyə can atırlar. Hələ ötən ilin dekabrında parlament seçkilərində iqtidara qarşı daha mütəşəkil mübarizə aparmaq məqsədi ilə “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan, “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan və başqaları bir araya gələrək vahid blok memorandumu imzalamışdı. Habelə müxalifədə olan “Birlik” və “İrs” partiyaları blok haqqında memorandum imzalamasalar da, onların seçkidə eyni mövqedən çıxış edəcəyi gözlənilir. Məsələnin maraqlı tərəfi isə  bir vaxtlar Sarkisyan hökumətində müdafiə naziri vəzifəsini icra etmiş Seyran Ohanyanın açıq-aşkar “Birlik” və “İrs” partiyalarının ittifaqını dəstəkləməsidir. Prezident Sarkisyan ölkəni elə bir çıxılmaz vəziyyətə salıb ki, artıq bir vaxtlar “sağ əli” hesab etdiyi insanlar indi ona qarşı çıxırlar.

Sarkisyana seçkilərdə əsas rəqib ola biləcək digər müxalifət partiyaları isə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və Qaqiq Tsakuryanın sədrlik etdiyi “Çiçəklənən Ermənistan” partiyaları hesab olunur. Müxalifətin “canfəşanlığına” baxmayaraq, seçkilərin saxtalaşdırılması az qala ənənəyə çevrilən Ermənistanda növbəti parlament seçkisinin demokratik şəkildə baş tutması hələ də sual altındadır.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma