Cocuq Mərcanlı sakini: Doğma kəndimizdə yaşayacayıq-Müsahibə

622440

Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Seyfəddin Maqsudov 1995-ci ildə Sabirabad rayonunun Qalaqain qaçqın şəhərciyində anadan olub. Hazırda Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Seyfəddin Sumqayıt Dövlət Universitetində təhsil alır. O, Yeni Azərbaycan Partiyasının üzvü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsüdür.

Müsahibimiz olan Seyfəddin Cocuq Mərcanlını görməsə də, ürəyi hər zaman doğma kəndi ilə döyünüb. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra doğma kəndinə qayıdıb orada yaşamağa hazır olduğunu bildirən gənc ölkə başçısının qaçqın və məcburi köçkünlərə göstərdiyi xüsusi qayğıdan məmnun olduğunu bildirib.

– Cənab Prezidentimizin Cocuq Mərcanlı kəndinin bərpası və yenidən qurulması haqqında Sərəncamını eşidəndə hansı hisslər keçirdiniz?

– Bu qərarı eşidəndə hədsiz fərəh və qürur hissi yaşadıq. Demək olar ki, məcburi köçkün olduğumuz gündən bəri kəndimizin xəyalı ilə yaşamışıq. Evdə böyüklər həmişə kəndimizlə bağlı xatirələrini söyləyər, kəndin filan hissəsində hər hansısa bir əhvalatlarını danışardılar. Bizə də çox maraqlı gəlirdi ki, kəndimiz necə bir yermiş, böyüklərimiz dediyi yerlər haraymış. İndi kəndimizə qayıdacağımızı düşünəndə bu anlar keçir gözlərim önündən və olduqca həyəcanla bunu dostlarıma danışıram.

– İçinizdə nə vaxtsa öz ata-baba yurdunuza qayıdacağınıza inam var idimi?

– Bəli, içimizdə hər zaman bu hiss var idi. Mənim ata babam dünyasını dəyişənə qədər bizi bu ruhla böyüdürdü, hər zaman kəndimizə qayıdacağımız gündən bəhs edirdi, bizi buna inanmağa çağırırdı. Bizdə bu inamı yaradan ən böyük səbəb o torpaqların bizim öz torpaqlarımız olması və bunun hər zaman da belə qalacağı həqiqəti idi. İkinci bir tərəfdən də bizə bu inamı bəxş edən güclü ordumuz və bu ordunu güclü hala gətirən və qələbəyə doğru addımlamağına təkan verən Prezident İlham Əliyev kimi Ali Baş Komandanımızın olması idi.

– Doğma kəndinizə köçmək fikriniz varmı?

– Əlbəttə. O torpaqlarda mənim babam, atam yaşadığı kimi, mən və mənim övladlarım da yaşayacaq. Biz elə orada yaşamaq üçün ilk ərizə yazan ailələrdən biri idik. Kəndimizin icra nümayəndəsi qohumumuzdur, o bizə zəng edib mövcud vəziyyəti izah edən zaman vaxt itirmədən ərizə yazmağı qərara aldıq. Artıq dövlətimiz 1992-1993 – cü illərdəki dövlət deyil, bizim güclü və nizami Ordumuz var. Bunun üçün də biz heç çəkinmədən orada yaşamağı düşünürük.

– Aprel döyüşləri zamanı hər bir vətənpərvər Azərbaycan gənci kimi, yəqin siz də döyüşlərə könüllü qatılıb düşmənə layiqli cavab vermək istəmisiniz…

– Elədir ki var. Həmin vaxt istehsalat təcrübəsində idim. Döyüş xəbərini eşidən kimi buradakı bütün işlərimi qoyub orduya yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə müraciət etdim. Oradan məni başa saldılar ki, dövlətimizin düşmənə layiqli cavabını vermək üçün yetərli gücü və hərbi qüvvəsi var.  Biz də ön cəbhədə hər hansı iş görməyimizin alınmadığını gördükdə heç olmasa, arxa cəbhədə təbliğat işləri görək dedik, hökumətimizə dəstək mitinqlərində iştirak etdik. Həmin vaxt biz xalqımızın dövlətimizin ətrafında necə sıx birləşdiyinin bir daha əyani şahidi olduq.

– Cocuq Mərcanlını görməmisiniz. Valideynlərinizin və yaxın qohumlarınızın Cocuq Mərcanlı haqqında söylədikləri doğma kəndinizi gözünüzdə necə canlandırıb?

– Əvvəlcədən də qeyd etdiyim kimi, valideynlərim həmişə kəndimizlə bağlı xatrirələrindən danışanda biz də o yerləri gözlərimiz önündə canlandırmışıq. Bəzən göz önündə canlandırmaq kifayət etmir. İnsan o yerləri öz gözləri ilə görmək, qarış-qarış gəzmək istəyir. Hər dəfə kəndimiz haqqında düşünəndə ürəyimdə qəribə bir hiss formalaşırdı. Özüm oranı görməsəm də, həmişə kəndimizin həsrətini çəkmişəm. Heç bir ağacı, kölgəli yeri olmasa da, onun ağacsız çölündə bir daşın üstündə oturmağı belə istəmişəm. İnsan əlində olanın dəyərini anlamalıdır. Biz Vətənə həsrət doğulmuşuq, ona görə də həmin torpaqların qədrini daha yaxşı bilirik. İnanın, bundan sonra o torpaqlara bir daha bir erməninin belə ayağının dəyməsinə imkan verməyəcəyik.

– Cocuq Mərcanlıya “Böyük Qayıdış”ın cəmiyyətə necə təsir etdiyini düşünürsünüz?

– Məncə, “Böyük Qayıdış” elə tam zamanında atılmış bir addım oldu. Bəli, bu qərar Dağlıq Qarabağa “Böyük qayıdış” ın başlanğıcıdır. Artıq digər məcburi köçkün soydaşlarımız da öz doğma yurd-yuvalarına dönməyi arzulayacaq və bunun üçün bir olacaqlar. Qələbəyə gedən yol birlikdən keçir. Bu gün Cocuq Mərcanlı, sabah Əskəran, Kəlbəcər, Qubadlı, Şuşa, Xocalı kimi ərazilərimiz də “Böyük Qayıdış” ın tərkibində yer alacaqdır. Buna inanmaq, bunun üçün çalışmaq,Vətəni sevmək lazımdır.

– Dövlətimizin qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi qayğıdan razısınızmı?

– Olduqca razıyıq. Biz məcburi köçkünlərə göstərilən bu qayğının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər kommunal, istərsə də ali təhsil aldığım universitetdə təhsil haqqından azad olmağımı bu qayğının kiçik bir hissəsi kimi qeyd edə bilərəm. Dövlətimizin bu qayğısı sayəsində biz heç vaxt özümüzü tənha hiss etməmişik. Ən çətin anlarımızda belə bu qayğının istisini hiss etmişik. Heç bir zaman da edilən bu yaxşılığı unutmamışıq və istənilən zaman Vətənimiz uğrunda canımızdan keçməyə hazır olmuşuq.

– Vətənpərvər gənc kimi erməni yalanlarının ifşa olunmasında və Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə tanıdılmasında hər hansı bir fəaliyyətiniz olubmu?

– Bəli, bunun üçün hər zaman əlimdən gələni etməyə çalışmışam. Uşaqlıq illərimdə çəkdiyim rəsm və yazdığım yazılarla başlayan bu təbliğatı böyüdükcə daha da artırmışam. Bu mövzuda xeyli məqalə yazıb, xarici ölkələrin qəzetlərində nəşr olunması üçün addımlar atmışam. Aprel döyüşləri zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün başladılan kampaniyanın fəal iştirakçısı olub xeyli insanı bu kampaniyaya cəlb etmişəm. Universitetimizə gələn qonaqlar qarşısında Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olması, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqında çıxışlar etmişəm. Bundan sonra da bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma