Qarabağı azad edəndən sonra…

kamil_musevi2

Kəşfiyyatçı: Qarabağı azad edəndən sonra missiyamı tam olaraq tamamlanmış hesab edə bilərəm

Vətəni sevmək imandandır. Bu kəlam ata-babalarımızdan bizə miras kimi ötürülərək insanlarımızın həyat tərzinə çevrilib. Vətən sevgisinə iman gətirən oğullarımızdan biri də Milli Ordumuzun baş leytenantı, kəşfiyyatçı Kamil Musəvidir.

Müsahibimiz Kamil 2015-ci il oktyabrın 12-dən 13-ə keçən gecə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində bir ayağını və bir gözünü itirib.

Qeyd edək ki, Musəvi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda dünyaya göz açıb. Orta məktəbdə oxuduğu zamanlar sərbəst güləşlə məşğul olub. Dəfələrlə rayon və ölkə birinciliklərində qalib və mükafatçılar sırasında yer alıb. Qazax şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib və Vətənə olan borcunu Azərbaycan Milli Ordusunda zabit kimi davam etdirib.

– Müsahibələrin birində bildirmisiniz ki, Ali Baş Komandan səfərbərlik elan etsə, yenidən cəbhəyə getməyə hazırsınız. Bunu yarımçıq qalmış missiyanın davamı kimi qəbul etmək olarmı?

-Torpaqlarımız işğaldan azad olunan günə qədər missiyamı yarımçıq qalmış hesab edəcəm. Ali Baş Komandan İlham Əliyev səfərbərlik elan etsə, yenidən cəbhə xəttində gedib düşmənə qarşı döyüşməyə hazıram. Qarabağı düşməndən azad edəndən sonra missiyamı tam olaraq tamamlanmış hesab edə bilərəm.

– Xidməti borcunuzu yerinə yetirərkən bir ayağınızı və bir gözünüzü itirmisiniz. Hərbiçi olduğunuza görə peşman deyilsiniz?

-Vətən uğrunda nəinki ayağımı, gözümü, hətta canımı da verməyə hazıram. Döyüş zamanı mina partlaması nəticəsində ayağımı və bir gözümü itirdiyimə görə heç vaxt peşmançılıq hissi keçirməmişəm. Vətən yolunda itiriləni itki saymıram. Vətən sağ olsun!

– Uşaqlıq illərinizdə güləşlə məşğul olmusunuz. Bundan sonra fikirinizdən idman karyeranızı paralimpiya oyunlarında sınamaq keçib?

-Uşaqlıqda güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi ilə sərbəst güləşlə məşğul olmuşam. Güləş mənə çox şeylər öyrətdi. İdmanla məşğul olmağım kəşfiyyatçı kimi fəaliyyət göstərməyimə stimul verib. Təbii ki, hazırda idman karyeramı  paralimpiyaçı kimi davam etdirmək istərdim, amma səhətim buna imkan vermir. Ona görə də, indi özümü atıcılıq idman növü üzrə sınayıram.

– Vətənpərvər ruhda yetişməyinizdə valideynlərinizin rolu danılmazdır. Bəs Vətənə olan sevginin aşılanmasında valideynlərinizdən başqa kimlərin rolu olub?

-Valideynlərimdən başqa ətrafımda belə insanlar çox olub. Ən birinci sərbəst güləş idman növü üzrə məşqçim və müəllimim Firdovsi Umudovun adını çəkə bilərəm. Firovsi müəllim həmişə məşqlərdən qabaq bizlərə vətənpərvərlik ruhu aşılayırdı. Sonuncu dəfə Rio olimpiadasına hazırlıq zamanı sərbəst güləş üzrə yığma komandamızın təlim-məşq toplantısını izlədim. Firdovsi müəllim orada da həmişə olduğu kimi idmançılarımıza ilk olaraq vətənpərvərlikdən söhbət açırdı. Hətta millimizin heyətindəki legionerlərə də bayrağımızın rənglərindən, Qarabağda başımıza gətirilən müsibətlərdən, Xocalı soyqırımından bəhs edirdi.

– Hərbiçi olmaq qərarına nə vaxt gəldiniz?

-Hərbiçi olmaq uşaqlıq arzum olub. Uşaq vaxtı yaşıdlarımla kəşfiyyat oyunları oynayardıq. Eyni zamanda da torpaqlarımızın işğal altında olması məni hərbiçi, kəşfiyyatçı olmaq qərarına gətirmişdi… Necə deyərlər, düşmənlə döyüşməyi, Qarabağda şəhid olan ana və bacılarımızın qisasını almağı qarşıma məqsəd qoymuşdum. Məhz bu istək məni hərbiçi etdi.

– Ailənizdə hərbiçi olubmu?

-Əmim hərbiçi olub, amma bunun mənim hərbiçi olmağımda heç bir rolu olmayıb. Öz istəyimlə kəşfiyyatçı olmuşam.

– Bir oğlunuz var. Gələcəkdə onun hərbiçi olmasına razı olarsınız?

-Heç kimi heç nəyə məcbur etmək olmaz. Yəni oğlumu məcburən hərbiçi edə bilmərəm. Özü hərbiçi olmaq istərsə, bu fikrini normal qarşılayaram. Bütün sahələr elədir ki, gərək işinə sevərək yanaşasan. Ən əsası işinə can yandırasan. Düşünürəm ki, peşəsindən, ixtisasından asılı olmayaraq hər kəs vətənpərvər olmalı və öz işinə məsuliyyətlə yanaşmalıdır.

– Belə bir deyim var. Hərbiçinin ailəsi də hərbiçi olmalıdır. Bu fikir doğrudurmu?

-Bu fikirlə bir qədər razı deyiləm. Hər kəsin bir sahəyə marağı var. Kimisə məcbur hərbiçi etsəniz, o, sevərək xidmət etməz. Bütün sahələr belədir. Hər kəsin öz sevdiyi peşəsi olmalıdır. Mənə görə, bir insan bir peşəni sevərsə, həmin iş çətin olsa belə öhdəsindən gələcək. Həmçinin həmin şəxsin ailəsi. Amma insanın sevmədiyi bir peşə olarsa, onu məcbur etsən də, heç vaxt öz işinə ürəklə yanaşmaz və o, həmişə orada çətinlik çəkər.

– Bir kəşfiyyatçı üçün ən böyük özəllik nədir?

-Kəşfiyyatçı olmaq üçün bir çox özəlliklər olmalıdır. Ən başlıca amil kimi psixoloji hazırlığı görürəm. Psixoloji hazırlıq olmadan kəşfiyyatçı olmaq mümkün deyil.

– Aprel döyüşlərindəki zəfərimiz zamanı hansı hissləri keçirdiniz?

-Təbii ki, qələbəmizə sevinməyə bilməzdim. Düşmən həmin ərəfədə Milli Ordumuzun gücünü hiss etdi. Aprel döyüşlərindən sonra ermənilər başa düşdü ki, Azərbaycan Ordusu bu gün nəyə qadirdir. Düşünürəm ki, torpaqlarımızı düşməndən azad etməyimizə çox az vaxt qalıb.

– Aprel döyüşlərində Milli Ordumuz bir neçə yüksəkliyi düşməndən azad etdi. Bir leytenant kimi alınan yüksəkliklər sizin üçün nə ifadə edir?

-Düşməndən azad etdiyimiz yüksəkliklər bizim üçün qələbə simvoludur. Bir növ yaxın zamanda zəfər çalacağımızın işarəsidir. Təbii ki, döyüşmüşüksə, qazandığımız nəsə olmalı idi. Aprel döyüşlərində torpaqlarımızı tam azad etməsək də, döyüşərək strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməyimiz göstərdi ki, yaxın vaxtlarda Qarabağı tam olaraq düşməndən azad edəcəyik.

– O hadisədən sonra tabeçiliyinizdə olan əsgərlərlə görüşmüsünüzmü?

-Tabeçiliyimdə olmuş əsgərlərlə tez-tez görüşürəm. Həmişə çalışdığım bir amal var idi. Onların vətənpərvərlik hisslərini yeni xidmətə gələndə olduğundan da artıq səviyyəyə qaldırmaq. Əsgərlərim tərxis olub getsələr də, bu gün də onlarla görüşürəm. Hazırda onlarda olan  vətənpərvərliyi görəndə çox sevinirəm. Bu işdə azacıq əməyim olduğuna görə, çox şadam.

– Qarabağ Kamil Musəvi üçün nə ifadə edir?

-Qarabağ düşmən tapdağı altında inildəyən, daim bizlərin yolunu gözləyən, azad olunmağa ehtiyacı olan Vətən torpağıdır! Əminəm ki, yaxın zamanlarda Qarabağımızı düşməndən azad edəcəyik.

– Həyatdakı idealınız kim olub?

-Mənim həyatdakı idealım Vətən üçün canını fəda edən, Vətəni sevən hər kəsdir.

– Hazırda sizə olan münasibəti bilmək istərdik…

-Yaralandığım gündən bu günə kimi dövlətimiz qanunla nəzərdə tutulan heç bir şeyi əsirgəməyib. Xalqımız tərəfindən də böyük dəstək görürəm. Dəstək göstərən insanlar arasında Milli Məclisin deputatları və tanınmış ziyalılar da var. Bunun üçün hər kəsə öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, məni diqqətdən kənarda qoymurlar.

– Hərbiçilərə və veteran döyüşçülərə göstərilən qayğıdan razısınızmı?

-Bu gün cənab Prezident İlham Əliyevin hərbiçilərə və veteran döyüşçülərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, qanunla nəzərdə tutulan bütün məvaciblər tez bir zamanda, gecikdirmə olmadan verilir. Prezidentimizin qətiyyətli səyləri nəticəsində hərbiçi və müharibə əlillərinin sosial durumu daim nəzarətdə saxlanılır.

– Sonda gənclərə vətənpərvər olmaları yönündə nə tövsiyyə edərdiniz?

-İlk olaraq yaşadıqları torpağı, Vətəni sevsinlər. Qarşılarına torpaqlarımızı azad etmək məqsədini qoysunlar. İdmanla məşğul olsunlar. Daim cənab Prezidentimizin, Silahlı qüvvələrimizin Ali Baş Komandanının əmrini yerinə yetirməyə hazır olsunlar. Ən əsası vətəni  qorumaqdan boyun qaçıran insanlara baxıb həvəsdən düşməsinlər. Kimlərinsə vətəni qorumamağı, bizləri vətəni qorumaq borcumuzdan usandıra bilməz.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma