Mosul problemi İraqın bölünməsinə səbəb ola bilər

mosul-offensive

Dünya dövlətlərinin başının ABŞ-dakı prezident seçkilərinə qarışdığı bir dönəmdə İŞİD-i Mosuldan çıxarmaq məqsədi ilə başladılan hərbi əməliyyatlar fasiləsiz olaraq davam etdirilməkdədir. Bununla bağlı ara-sıra dünya mediasında İŞİD-dən azad olunan məntəqələrnən bağlı xəbərlər yayılmaqdadır. İraq ordusunun, peşmərgələrin və polis alaylarının Mosulu İŞİD terror təşkilatından azad etmək üçün etdiyi həmlələr bu bölgənin yaxın vaxtlarda qan gölünə çevriləcəyinə işarədir. İŞİD-in Mosulətrafı qəsəbələrdə İraq ordusuna qarşı əsas taktikası düşmənin sürətini azaltmaqdan ibarətdir. Bu yolla vaxt qazanmaq istəyən terrorçular daha önəmli strateji mövqelər əldə etmək niyyətindədirlər. İraqın ikinci ən böyük şəhəri olan Mosul uğrunda gedən döyüşlərdə İraq ordusunun və Peşmərgənin açıqlanandan daha çox itki verdiyi bildirilir. Buna baxmayaraq, aradadakı güc fərqi İŞİD-ə qarşı koalisiyanın şəhərətrafı bir çox məntəqələrdə üstünlüyü ələ keçirməsinə şərait yaradıb. İraq ordusunun komandirlərinin fikirlərinə görə, döyüşlər hər iki tərəf üçün ağır keçir.

İŞİD-ə qarşı koalisiyada hərbi sahədə növbəti görüş gözlənilir. Amma hərbi əməliyyatların yaratdığı siyasi və strateji problemlər koalisiyaya üzv tərəflər arasında anlaşmanın baş tutmasını yuvadır. İraq Kürd Muxtariyyətinin baş naziri Nərçivan Bərzani bildirib ki, Mosul probleminin həll olunmasından sonra İraq höküməti ilə müstəqilliyimiz haqqında danışıqlar aparacağıq. İraq hökümətinin isə buna qarşı olduğu hər kəsə məlumdur. Bundan əlavə İŞİD-dən azad edilmiş ərazilərə kimin yerləşəcəyi böyük konfliktlərə səbəb ola bilər.

Ölkənin gələcəyi ilə bağlı qorxulu ssenarilərin yaşana bilməsi İraq höküməti tərəfindən dəyərləndirilir. İraq ordusunun tərkibindəki birliklərin Mosuldakı sünni ərəblərin etirazına səbəb olan simvol və bayraqlardan istifadə etməsi məsələni daha da gərginləşdirib. Bundan əlavə “Haşdi Şabi” birləşməsinin İraqın Təlafər bölgəsinə doğru hərəkət etməsi yarana biləcək məhzəbsəl münaqişənin carçısıdır.

Hazırda İŞİD-in kütləvi qruplar halında İraqdan çıxması müşahidə olunmur. Terror təşkilatının Raqqaya doğru çəkilməsi üçün boş buraxılan dəhlizdən az bir miqdarda işidçi Suriya ərazisinə keçib. İraq ordusundan verilən məlumata görə, bu vəziyyətdən istifadə etmək istəyən İŞİD terror qrulaşması İraq ordusunu və Peşmərgə qüvvələrini Mosulun mərkəzinə doğru çəkib kiçik dəstələrlə küçə döyüşləri aparmağı planlayıb. Mosulun mərkəzinə daxil olacaq qüvvələr şəhəri azad etmək istədiyi zaman ciddi problemlə üzləşə bilərlər. Belə ki, İŞİD rəhbərləri əsir götürdükləri mosullu qadın və uşaqları öldürəcəkləri ilə hədələyirlər. Bu da İraq ordusunun və koalisiya qüvvələrinin işini çətin duruma salır.

Mosul əməliyyatı başlamazdan əvvəl dünyanın bir çox xəbər agentlikləri bildirmişdi ki, Mosulu azad etmək üçün səfərbər olan qüvvələrə şəhər sakinləri tərəfindən böyük dəstək göstəriləcək. İndiyə qədər mosullular nə İraq ordu qüvvələrinə, nə də beynəlxalq koalisiya qüvvələrinə hansısa köməklik göstərmiyib. Şəhərin içində İŞİD-in tədricən zəifləməsini gözləyənlər var, amma şəhərin terrorçulardan azad edilməsindən sonra Mosul sakinlərinin İraq hökümətinə tabe olacaqları o qədər də inandırıcı görünmür. Bu da yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxara bilər. Bu dönəmdə sabiq Mosul rəhbərliyində olan şəxslərlə yeni qüvvələr arasında toqquşmalar qaçılmazdır.

Mosul İraqın etnik və dini baxımdan ən rəngarəng vilayətidir. Mosulun mərkəzində və bəzi ətraf məntəqələrində sünni ərəblərin üstünlük təşkil etməsinə baxmayaraq, ərazidə şiə türkmanlar da az deyil. Həmçinin Mosulətrafı kəndlərdə türkmanlarla bərabər kürdlər, yezidilər, süryanilər və xristian ərəblər də kompakt halda yaşamaqdadır. İŞİD- in Mosula yerləşməsindən sonra şəhərin demoqrafik vəziyyəti xeyli dərəcədə dəyişib. Demək olar ki, şəhər əhalisinin yarısı buranı tərk edib. Köç edənlər ərəblər əsasən İraqın digər əyalətlərinə, Mosulun şimalında yaşayan milli azlıqlar isə Türkiyəyə pənah gətirib. Türkiyəyə üz tutanların böyük əksəriyyəti türkmanlardır. Peşmərgənin planı isə bu bölgədə nəzarəti ələ keçirib Mosul və ətraf əraziləri Şimali İraqın tərkibinə qatmaqdır.

İkinci böyük təhlükə ocağı Tələfar vilayətində yaranıb. İraq ordusunun dəstəyini alan “Haşdi Şabi” qruplaşmasının bu bölgəyə doğru irəliləməsi İraq dövlətinin Şimali İraqda özünə dayaq məntəqəsi yaratmaq istəyi kimi səciyyələndirilir. Mosul və Tələfar vilayələrinin bir-birinə yaxın olmması vəziyyəti daha da gərginləşdirir. Politoloqlar bölgədəki vəziyyətin sabitləşməsi üçün Tələfar cəbhəsinin Mosul cəbhəsi ilə birləşməməsini dönə-dönə vurğulayırlar.

Sincar əyalətində də vəziyyət olduqca gərgindir. İŞİD-in bölgədən çıxarılması dönəmində PKK və YPG-nin oynadığı rol hər iki təşkilatın Sincardakı mövqeylərini xeyli gücləndirib. Az bir zamanda PKK və YPG-nin mövqelərinin  burada zəifləyəcəyi gözlənilmir. Üstəlik İraq mərkəzli yerli hakimiyyət PKK və YPG ilə çəkişmələrə bir fürsət kimi baxır. Bütün bunlar Sincarın da yaxın zamanlarda ikinci “Mosul” ola biləcəyinə heç bir şübhə yeri qoymur.

Mosul, ümumilikdə İraqdakı son vəziyyət dünyanın diqqət mərkəzindədir. Mosul vilayətinin demoqrafik, iqtisadi və siyasi beyni əhalisinin böyük əksəriyyətini ərəblər təşkil edən şəhər mərkəzidir. Minlərlə mosullu şəhər mərkəzini tərk etsə də, yüz minlərlə insan hələ də orada yaşamaqdadır. Şəhəri tərk etməyən insanlar son iki ildə İŞİD tərəfindən ciddi sıxıntılara, təzyiqlərə məruz qalır.

İraq ərazisində terror təşkilatlarının rahatlıqla ağalıq etməsi, koalisiya qüvvələrinin ölkəyə girməsi ölkənin gələcəyi üçün heç də yaxşı proqnozlar vəd etmir. Demək olar ki, Mosul, Tələfar, Sincar vilayətləri də daxil olmaqla İraqın şimalı paytaxt Bağdaddan deyil, ayrı-ayrı qüvvlər tərəfindən idarə olunur. Belə gərgin vəziyyətdə ölkənin parçalnması istisna olunmur. Anaolji hal yaxın vaxtlarda Sudanda da yaşanmışdı və ölkə etnik, dini mübarizələrin fonunda iki yerə bölünmüşdü.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma