Qadın işləməlidirmi?-Polemika

ad204fc225

Qadınların iş həyatına atılması, karyera qurması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Qadının işləyib-işləməməsi məsələsi təkcə Azərbaycan reallığı üçün deyil, bütün dünya üçün aktualdır. “Qadın və karyera” fikri bir çox mühafizəkar xarakterli kişilər tərəfindən qəbul olunmur, amma müasir dövrdə belə insanların sayı olduqca azdır. Cəmiyyətimizdə gender balansı, qadın və kişilərin hüquqları bərabər şəkildə təmin olunur. “Qadın işləməlidirmi?” mövzusunda apardığımız rəy sorğusunda iştirak edən respondentlərin mütləq əksəriyyəti qadınların işləməsinin tərəfdarıdır.

Məryam Əlibəyli – bəstəkar:

– Bu elə bir mövzudur ki, müxtəlif tərəfdən baxmaq olar. Müasir dövrdə qadın həm evinin xanımı, həm də gözəl həyat yoldaşı olmalıdır. Həmçinin qadın övladlarını tam şəxsiyyət kimi yetişdirmək istəyirsə, savadlı və dünyagörüşlü olmalıdır. Adət-ənənələrimizi, dəyərlərimizi gözəl bilən xanımın övladlarının təlim-tərbiyəsi də mükəmməl olacaq. Bu da düzgün vətəndaş yetişdirmək baxımından çox vacibdir.

Düşünürəm ki, bütün günü qadın evdə otursa, dünyagörüşü geniş olan insan ola bilməz. Amma xanım paralel olaraq həm təhsilli olsa, həm işləsə, həm ictimai həyatda fəal bir insan olsa, tərbiyə etdiyi uşaqlar da cəmiyyətə daha yararlı olar, əsl vətəndaş kimi formalaşar. Qapalı ev şəraitində olan xanımlar öz biliklərini əsasən televiziyadan alırlar və övladlarını da həmin biliklər əsasında böyüdürlər. Düşünürəm ki, belə xanımlar cəmiyyətə daha az fayda verir.

Elçin Əfəndi – sosioloq:

– “Qadın işləməlidirmi” sualının özündə gender bərabərliyi az da olsa, pozulur. Əgər biz qadın və kişilərin hüquqlarının bərabərliyindən danışırıqsa, ayrı-seçkilik etməməliyik. Qadının işləməsinə qarşı deyiləm. Amma baxır hansı qadının işləməsi. Yəni ki, əgər hansısa bir qadın ailə həyatı qurubsa, övladları varsa və onun işləməsi ailə, eləcə də övladlar üçün problemlər yaratmırsa, işləyə bilər. Yox əgər bu proses ailə və övladlar üçün fəsadlar verərsə, qadının işləməsinə lüzum yoxdur. Ailə həyatı qurmayan qadınların böyük əksəriyyəti iş, karyera haqqında düşünən qadınlardır. Bu tip qadınlar, əsasən, şəxsi həyatlarını iş həyatlarına qurban verirlər.

Ümumi prizmadan baxsaq, qadının işləməsi, ümumiyyətlə sosial status qazanması heç də qəbahət deyil. Çünki sabah o qadın hər hansı səbəbdən tənha və ya övladı ilə qaldıqda ən azından özünü və övladını dolandırmağı bilməlidir.

İradə Əlili – şairə, publisist:

– Ailədə qız və oğlan uşaqları arasında fərq qoymaq olmaz. Həm qadına, həm kişiyə oxumaq, işləmək vacibdir. Əsasən də, xanımlara. Təbii ki, heç kim işləməyə məcbur edilə bilməz. Bu şəxsi istək əsasında olmalıdır. Konfutsi deyib ki, özünüzə elə peşə, elə sənət seçin ki, ömrünüzün sonuna qədər onunla bərabər olasınız.

Bu gün qız uşağına daha çox peşə-sənət qazanmaq lazımdır. Həyatda hər şey ola bilər. Həyatda xoş gün olduğu kimi, çətin anlar da olur. Belə anlarda xanımlar kişilər kimi daş daşayıb ən ağır işləri görə bilməz. Bu cür çətin vəziyyətlərdən çıxmaq üçün xanım niyə də gözəl saç ustası, dərzi, həkim, müəllim olmasın. Ailədə müəyyən maddi problemlər zamanı həm kişinin, həm də qadının evə qazanc gətirməsi ailənin maddi durumunun yüksəlməsinə səbəb olur.

Xanımın işləməsi o demək deyil ki, ev işləri ilə maraqlanmasın. Bu o demək deyil ki, qadın işləyirsə, bütün ağırlıq onun üzərinə düşməlidir. Təbii ki, ev işləri onun iş yerinə, karyerasına təsir etməməlidir. İşləyən xanımın həyat yoldaşı da anlayışlı olmalıdır. Evdəki problemlər həm qadın, həm də kişi tərəfindən bərabər şəkildə həll edilməlidir. Həm işləyən, həm də ev işlərini vaxtında görən xanımlarımız ən xoş sözlərə layiqdirlər. Belə bir deyim var: xoşbəxt o insandır ki, səhər tezdən işə, axşam da evə tələsir.

Niyam Şirinov – jurnalist:

– Qadının işləməsi cəmiyyətdə birmənalı qarşılanmır. Əsasən də “normal iş” anlayışı buna imkan vermir. Bu anlayış həm ata evində, həm də evləndikdən sonra ər evində də davam edir. Amma əsasən ailə qurduqdan sonra bir çox qadınların iş xəyalı suya düşür. Buna məntiqi səbəb kimi isə “qadının yeri ərinin yanıdır” misalı göstərilir. Gender bərabərliyi pozularaq qadının işləməsinə icazə verilmir. Gör-götür dünyası olduğunu nəzərə alsaq, bunu bir növ keçici bir xəstəlik olaraq da görə bilərik. Nə üçün? Çünki qadının işləməsinə o qədər də yaxşı baxılmadığı bir cəmiyyətdə onun işdən gec gəlməsi isə “yolverilməz” bir haldır. Qadın evə tez gəlməli, yeməyini hazırlamalı və ərinə, uşaqlarına yaxşı baxmalıdır. Təbii ki, bu halları ümumiləşdirmək olmaz. Qadın işləməlidir. İşləyib öz ayaqları üzərində dayanmalı, yoldaşına dayaq olmalıdır. Sabah-birigün yoldaşının başına bəd hadisə gələrsə, o ailəyə sahib çıxmalı, kiməsə möhtac qalmamalıdır. Bütün bunları düşünərək analiz etmək və doğru qərar vermək lazımdır.

Günel Fərhadqızı – risk meneceri:

– Düşünürəm ki, qadın hökmən təhsil almalı, işləməlidir. Qadının ailədə rolunu nəzərə alsaq, təhsili olmayan və işləməyən qadınların evdar qadın olaraq deqradasiyaya uğraması və gələcək nəslimiz olan uşaqları bu mühitdə böyütməsi cəmiyyət üçün təhlükəlidir. Qadın işləyərsə, kişinin üzərinə yük çox düşməz. Ailə xərclərini bərabər bölüşdürərlər. Kişi işsiz qaldığında ailə maddi çətinliklər üzündən sarsıntı yaşamaz. İşləyən qadının dünyagörüşü də fərqli olur, qazandığı pulun qədrini bilir.

Məsələ ilə bağlı psixoloq-pedaqoq Aybəniz Xəlilovanın da fikirlərini öyrəndik. Aybəniz xanım bildirir ki, qadınların işləməsi ailə büdcəsinə kömək göstərir, ailənin sosial rifahını daha da yüksəldir:

– Cəmiyyətdə qadınların işləməsi zaman-zaman müzakirə edilib və heç də bir mənalı qəbul olunmayıb. Buna səbəb qadınların yalnız ev işləri görmək, övlad böyütmək, həyat yoldaşının qayğısına qalmaq və bu kimi digər vəzifələri yerinə yetirməkdən ibarət olması fikrinin mövcudluğudur. Qeyd edək ki, bu kimi baxışları olan kişilər qadın işlərsə ev qayğısından azad olacaqlarından, övladlarının və özlərinin baxımsızlığından qorxurlar. Halbuki cəmiyyətimizdə qadınlarımız kişilərlə bərabər işləyərək ailəsini kifayət qədər təmin edirlər.

Düşünürəm ki, qadınların işləməsinin bir sıra müsbət cəhətləri var. İşləyən qadınlar özlərini inkişaf etdirməklə bərabər böyütdükləri uşaqların da dünyagörüşünün yüksək olmasına təsir edir. İşləyən qadınlar hüquqlarını yaxşı bildiklərindən onları aldatmaq çətin olur, bu hal kişiləri daha çox narahat edir. Nəhayət, qadınların işləməsi ailə büdcəsinə kömək göstərir, sosial rifahı daha da yüksəldir.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma